Xəbərlər

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”
16.05.2015

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi Azərbaycan xalqının və onun ən böyük sərvəti olan neftin faşizm üzərində qələbədə rolundan bəhs edir.

Faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunan bu filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Lui Vodevil, rejissoru isə Robert Maqnerotdur.

Filmin çəkilişləri Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı sahəsində tanınmış "Clarke Costelle&Co" (CC&C) prodakşn şirkəti tərəfindən aparılıb. 
Filmin süjet xətti Azərbaycan xalqının faşizm üzərində qələbədəki rolundan, eləcə də Azərbaycan neftinin müharibə illərində strateji əhəmiyyətindən bəhs edir.
Filmdə “mühərriklər müharibəsi” adlandırılan İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni mövqedən – neft uğrunda döyüş mövqeyindən baxılır. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdür. Qələbənin təmin edilməsində həlledici rol oynamış tank və təyyarələrin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Təsadüfi deyil ki, Bakı və onun “qara qızılı” Hitlerin ələ keçirmək istədiyi ən qiymətli sərvət idi.

4 may 2015-ci il tarixində Heydər Əliyev Mərkəzindəki təqdimat mərasimindən sonra film mayın 8, 9-u və 10-da "National Geographic" kanalı vasitəsi ilə 26 ölkə üzrə nümayiş olunub.