Xəbərlər

Canlı yayım və multimedia prodakşn sahəsində dünyanın aparıcı şirkəti Azərbaycanda mühazirə keçirib
01.02.2016

Müasir dünyada texnologiyalar yüksək sürətlə dəyişir. Media texnologiyaları istənilən məlumatı istənilən vaxt və istənilən yerdə almaq tələbinə uyğun istiqamətdə inkişaf edir. Cəmiyyətə informasiyanı istənilən həcmdə, maneəsiz və kreativ üsullarla çatdırılmasına imkan verən texnologiyalara tələb artır. Bakı Media Mərkəzi media bazarında bu inkişafın zərurətini anlayıb bu istiqamətdə fəaliyyətə xüsusi diqqət yetirir. Məhz  bu səbəbdən Bakı Media Mərkəzi baş ofisi  Belçikada yerləşən canlı yayım, multimedia prodakşn avadanlığı və proqramlarını istehsal edən dünyanın aparıcı şirkətlərindən biri olan EVS şirkəti ilə əməkdaşlıq qurub.

EVS şirkəti dünyada ilk olaraq idman verlişlərində “slow motion” (video kontentin təkrarı) texnologiyasını istehsal edərək tətbiq edib. Bu gün bu sahədə o, dünya lideridir. Hazırda EVS əmək fəaliyyətini genişləndirərək səyyar studiya, stadion və ya yayım mərkəzlərində idman, əyləncə, xəbərlər və arxivasiya işlərini əhatə edən avadanlıq və proqramların istehsalı ilə məşğul olur.

26-29 yanvar 2016-cı il tarixlərində Bakı Media Mərkəzi və EVS şirkətinin birgə təşkilatçılığı ilə Bakı Media Mərkəzinin ofisində qurulmuş EVS avadanlıqları və onların iş prinsipinin nümayişi keçirilmişdir. Həmçinin, 27 yanvar tarixində “EVS – arxivasiya həlləri, birbaşa yayım və ya avtonom rejimin perspektivləri” mövzusunda mühazirənin keçirilmiş və həmin mühazirəyə Azərbaycan televiziyalarının əməkdaşları da qatılmışdır.